Bakı və Ankaranın birgə həmləsi: ABŞ razılaşmalı oldu
"Birləşmiş Ştatlar Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində səmərəli rolunu alqışlayır".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarını şərh edərkən deyib".
Millerin sözlərinə görə, Vaşinqton da Ankara kimi İrəvanla Bakı arasında sülhün bərqərar olması üçün birbaşa danışıqları dəstəkləyir.
ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan son danışıqlara gəlincə, amerikalı diplomatın sözlərinə görə, bu mövzu müzakirə olunub.
Millerin sözlərinə görə, bu məsələyə mütəmadi olaraq xarici işlər orqanlarının rəhbərləri tərəfindən baxılır. Lakin o, müzakirənin təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, dünən Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Onun sözlərinə görə, İrəvanla Bakı arasında münasibətlər normallaşarsa, o zaman Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq.
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə ABŞ, Avropa İttifaqı və Moskva formatları arasında rəqabət gedərkən Fransa İrəvanı məhz Qərb istiqamətini seçməyə vadar edir.
Ermənistanın baş naziri Nikol Paşinyan da danışıqların növbəti mərhələsinin məhz Qərbdə keçirilməsinin tərəfdarı olaraq Moskvadakı danışıqlar ehtimalından faktiki imtina edir.
Belədə maraqlı iki konfiqurasiya alınır: ABŞ-Azərbaycan-Ermənistan və Avropa İttifaqı-Azərbaycan-Ermənistan formatları. Avropa formatına və ya Brüssel trekinə Fransa aktiv müdaxilə edərək qatılmağa çalışdığından rəsmi Bakı adekvat davranaraq qabaqlayıcı addım atıb.
Fransa prosesə moderator və ya vasitəçi kimi qatılarsa, danışıqlarda mütləq olaraq Türkiyə də iştirak etməlidir.
Orxan Hun meqale.com