Bakıda bu binlar risklidir - AÇIQLAMA

Bir neçə gün öncə Yasamalda yaşayış binasında 3 nəfərin ölümü, 20-dən çox şəxsin isə tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın binalarda olan təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Bakıda bu binlar risklidir - AÇIQLAMA
Bir neçə gün öncə Yasamalda yaşayış binasında 3 nəfərin ölümü, 20-dən çox şəxsin isə tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın binalarda olan təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev meqale.com-a açıqlamasında yaşayış binalarında təhlükəsizlik tədbirlərinin vacibliyinə diqqət çəkib.

Onun sözlərinə görə, çoxmərtəbəli binalarda təhlükəsizlik təkcə quraşdırılan avadanlıqlardan ibarət deyil, bu, sakinlərin davranışından, texniki sistemlərin düzgün işləməsindən və ümumi nəzarət mexanizmlərindən ibarət kompleks bir prosesdir.

Ekspert qeyd edib ki, ilk növbədə binanın mühəndis-kommunikasiya xətləri, elektrik sistemi, qaz təchizatı və havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqnalizasiya sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, eləcə də təxliyyə planlarının mövcudluğu və sakinlər tərəfindən tanınması xüsusi əhəmiyyət daşıyır.

Orxan Musayev bildirib ki, yanğın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərə ciddi əməl olunmalıdır. Hadisə baş verdikdə isə insanların həyatına və sağlamlığına zərər dəyməməsi üçün müəyyən olunmuş qaydalar tətbiq olunmalıdır:

"Yanğın zamanı sakinlərin ilk növbədə panikadan uzaq durması vacibdir. Tüstü olan zonalarda yerə yaxın hərəkət etmək lazımdır, çünki tüstü daha çox yuxarı hissədə toplanır. Yerdən, oturaraq və ya sürünərək hərəkət etmək zəhərlənmə riskini azaldır. Əgər təxliyyə yolu bağlıdırsa, sakinlər qapı və pəncərə boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün qarşısını kəsməli və balkona çıxaraq kömək gözləməlidirlər. Tüstü yanğın zamanı ölüm hallarının əsas səbəblərindən biridir, buna görə ondan qorunmaq ən vacib məqamlardandır".

Ekspert söyləyib ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır. İzah edib ki, bu obyektlərdə istilik mənbələri və müxtəlif elektrik cihazları daha çox olur:

"Qaydalara əsasən, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz verilməsi qadağandır. Qazla işləyən cihazların istifadəsi təhlükəli olduğuna görə icazə verilmir. Yalnız elektriklə işləyən avadanlıqlardan istifadə oluna bilər. Lakin obyektlərin üstündə insanların yaşadığını nəzərə alsaq, burada baş verə biləcək hər bir hadisə sakinlərin həyatını riskə atır".

Orxan Musayev nəzərə çatdırıb ki, restoran və digər obyektlərin fəaliyyətinə icazə verilərkən bütün normativ tələblərə əməl olunmalı, havalandırma və filtrasiya sistemləri düzgün qurulmalı, ilkin yanğınsöndürmə vasitələri tam təmin edilməlidir. Restoranla yaşayış sahəsi arasında izolyasiya sistemlərinin yaradılması, tüstü və qoxunun mənzillərə keçməsinin qarşısının alınması mütləqdir.

Ekspert sonda vurğulayıb ki, təhlükəsizlik yalnız texniki prosedurlarla məhdudlaşmır:

"Burada obyekt sahibinin məsuliyyəti, sakinlərin diqqəti və ümumi maarifləndirmə xüsusi rol oynayır. Hər birimiz xırda detallara diqqət yetirməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarından düzgün istifadə etmək və qaydalara əməl etmək faciələrin qarşısını almağın ən effektiv yollarındandır. Təhlükəsizlik hamımızın birgə yaratdığı və qoruduğu bir mədəniyyətdir".