İstirahət mərkəzində ölən ailə ilə bağlı yeni xəbər

Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölmələri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

İstirahət mərkəzində ölən ailə ilə bağlı yeni xəbər
Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölmələri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

meqale.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 4-də, saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.

İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.