İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…

İshal çox vaxt mikroblarla əlaqələndirilsə də, həmişə səbəb infeksiya olmur.

İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
İshal çox vaxt mikroblarla əlaqələndirilsə də, həmişə səbəb infeksiya olmur.

Yay aylarında bu halların artmasına diqqət çəkən qastroenteroloq Prof. Dr. Murat Sarıkaya bildirib ki, ishalın arxasında həzm sistemi pozuntuları, qida allergiyaları və ferment çatışmazlığı kimi müxtəlif faktorlar dayana bilər.

Mütəxəssis ishalın adətən tez-tez və sulu nəcis ifrazı ilə özünü göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, laktoza dözümsüzlüyü, qlüten həssaslığı, İBS (qıcıqlanmış bağırsaq sindromu), iltihabi bağırsaq xəstəlikləri və pankreas fermentlərinin azalması da bu problemin gizli səbəbləri arasındadır.

Kəskin və xroniki ishal necə fərqləndirilir?

Sarıkaya bildirib ki, ishalın müddəti diaqnoz üçün əsas göstəricidir.

2 həftəyə qədər davam edən ishal kəskin sayılır.

4 həftədən artıq çəkirsə, artıq xroniki hesab olunur və daha ciddi xəstəliklərin əlaməti ola bilər.

Bu halda nəcis analizi, kulturalar, qan testləri və lazım gəldikdə qastroskopiya və kolonoskopiya müayinələri aparılmalıdır.

İshal zamanı necə qorunmalı?

Mütəxəssis ən effektiv qorunma üsulunun əllərin düzgün yuyulması olduğunu vurğulayıb.

Yeməkdən əvvəl və tualetdən sonra mütləq sabunla əllər yuyulmalıdır.

Səyahətdə bişmiş qidalara üstünlük verilməli, açıq havada uzun müddət saxlanmış yeməklərdən uzaq durmaq lazımdır.

İçməli su yalnız butulkada olmalı, buzdan isə mümkün qədər az istifadə edilməlidir.

Qidalanma ilə bağlı tövsiyələr

İshal zamanı orqanizmin maye və elektrolit itirməsi ən təhlükəli məqamlardan biridir. Bu dövrdə:

Yağlı, ədviyyatlı və turş qidalar, həmçinin qazlı içkilərdən uzaq durmaq,

Su və ayrana üstünlük vermək,

Körpələr və yaşlılar üçün rehidratasiya məhlullarından istifadə etmək tövsiyə olunur.

Sarıkaya əlavə edib ki, probiotiklər bağırsaq florasının bərpasına yardım edə bilər. Əgər ishal qızdırma və güclü qarın ağrısı ilə müşayiət olunursa, bu, bakterial infeksiyaya işarə ola bilər və gecikmədən həkimə müraciət edilməlidir.