Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir
Ölkəmizin rəqəmsallaşma siyasəti artıq formalaşıb və dövlətin rəqəmsal transformasiya proqramı vətəndaş-dövlət münasibətlərində yeni mərhələ yaradıb.
meqale.com xəbər verir ki, bunu IX Bankçılıq Forumunda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, rəqəmsal genişlənmə, rəqəmsal xidmət və məhsulların açıq şəkildə tətbiqi, həmçinin standartlaşdırma prosesləri il ərzində sistemli şəkildə həyata keçirilir.
"Dövlət qurumlarının birləşdirilmiş sistemə inteqrasiyası nəticəsində yüz minlərlə xidmət və məhsul vahid platformada təqdim olunur. Hazırda 300 mindən artıq rəqəmsal xidmət vətəndaşların istifadəsinə açıqdır və gündəlik olaraq bu xidmətlərdən çoxsaylı insanlar yararlanır. Rəqəmsal idarəetmə çərçivəsində müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsi və inteqrasiyanın gücləndirilməsi istiqamətində işlər davam edir".
Qeyd edib ki, artıq bir neçə maliyyə institutu o cümlədən banklar bu sistemə qoşulub və digər bankların da inteqrasiya prosesi davam edir. Nəzərə çatdırıb ki, bu, vətəndaşların rəqəmsal identifikasiya vasitəsilə daha sürətli, şəffaf və asan xidmət almasına şərait yaradır. İnsanların şəxsiyyətinin tanınması və məlumatlarının yoxlanması prosesi artıq ənənəvi, vaxt aparan üsullarla deyil, elektron identifikasiya vasitəsilə həyata keçirilir.
"Bütün bu dəyişikliklər dövlət qurumları, maliyyə sektoru və cəmiyyət arasında rəqəmsal əməkdaşlığın genişlənməsinə imkan verir və rəqəmsal xidmətlərə olan tələbatın hər gün artdığını göstərir".