Baku Fashion Week 2023 gündəliyi: ikinci gün - FOTO

Baku Fashion Week-in birinci mövsümünün ikinci günü Four Seasons Hotel Baku-da nümayişə xüsusi dəvət olunmuş qonağı Lilia Raxla moda səhər yeməyi ilə başladı. Qapalı səhər yeməyi tədbirində moda dünyasının ən nüfuzlu qadınlarından biri olan Liliya öz alıcı peşəsindən, mövsümün trendləri və tendensiyalarından danışdı. Daha sonra konkret hekayələr danışan qonaq öz həyatından mühüm mərhələləri və zəngin həyat təcrübəsindən götürdüyü sirləri qonaqlarla bölüşdü.

Baku Fashion Week 2023 gündəliyi: ikinci gün - FOTO
Baku Fashion Week-in birinci mövsümünün ikinci günü Four Seasons Hotel Baku-da nümayişə xüsusi dəvət olunmuş qonağı Lilia Raxla moda səhər yeməyi ilə başladı. Qapalı səhər yeməyi tədbirində moda dünyasının ən nüfuzlu qadınlarından biri olan Liliya öz alıcı peşəsindən, mövsümün trendləri və tendensiyalarından danışdı. Daha sonra konkret hekayələr danışan qonaq öz həyatından mühüm mərhələləri və zəngin həyat təcrübəsindən götürdüyü sirləri qonaqlarla bölüşdü.

Eyni günün axşamı Bakı Konqres Mərkəzində Baku Fashion Week-in birinci mövsümünün ikinci gününün nümayişləri keçirildi. Gecənin açılış şərəfi İspaniyanın Karolina's Kingdom brendinin kolleksiyasına nəsib oldu. Alovlu flamenko rəqsi ilə başlayan şou İspaniyanın zəngin mədəniyyətindən qaynaqlanan, təmkinli həssaslığı nümayiş etdirən qadın obrazlarını təmsil edirdi.

Əcnəbi motivlərdən tutmuş yerlilərə kimi... Daha sonra səhnəyə Azərbaycan markası Anara Zakirlinin kolleksiyası çıxdı. 2018-ci ildə eyniadlı brendin əsasını qoyan Anara 5 il yaradıcılıq fəaliyyəti ərzində Azərbaycanın milli ornamentlərinin tarixi dəyərini üstün tutan dizayner kimi yadda qalıb. Bu dəfə də belə oldu - əsasən xalça motivlərinə yer verən brendin kolleksiyası ölkənin müxtəlif bölgələrindəki xalçaçılıq məktəblərindən götürülmüş ornamentləri özündə birləşdirir.

Günün bəlkə də ən maraqlı şousu yeni brend olan Other Azer markasının debütü idi. Brendin fərqlənmək istəyi təkcə adı ilə deyil, həm də şounun özündən əvvəl müxtəlif sahələrdə uğur qazanmış məşhur simaların fərqli olmağın nə olduğunu danışdığı qısa videoçarxın ekranda  nümayiş etdirilməsi idi.  Kolleksiyanın "In the shadow" yəni "Kölgədə" adlanması təkcə onun yaradılmasında istifadə olunan qara rəngi deyil, həm də brendin yaradıcısı və dizaynerinin kölgədə qalmaq istəyini ifadə edirdi. Hər bir halda, həm dizayner, həm də modellərin podyuma üzlərini gizlədərək maskalarda çıxması ümumi nümayişi daha da sirrli və müəmmalı etdi.

Firuzə İsabəyli brendinin "Yol" kolleksiyası, şübhəsiz ki, bütün nümayişlər arasında öz fəlsəfi komponentinin dərinliyi baxımından seçildi. Müəllifin özünün də etiraf etdiyi kimi, kolleksiya bərabərlik, harmoniya və insanlığa həsr olunub və istifadə olunan hər bir simvol və təzadlar müxtəlif dinlərə işarədir. Dəbdəbəli parçalardan tikilmiş əl ilə işlənmiş paltarlar öz yerini onların tam əksi olan - çarşaflardan tikilmiş ağ xalatlara verdi. Kolleksiyanı izləyənlər arasında final nümayişin mənası ilə bağlı müxtəlif versiyalar səslənsə də, müəllif özü bu mənanı açıqlayaraq onun bütün sərhədlərin məcazi mənada silinməsi, geridə yalnız insanın sevgisinin və Allahın bir olmasına işarə etdiyini bildirdi.

Günün ən çox gözlənilən şousu nümayişi tamamlayan Scandar brendinin kolleksiyası oldu. Brendin yaradıcısı və dizayneri, daha əvvəlki şoularda mövzularını gündəmə gətirməklə  artıq paytaxtın bütün modasevərlərinin yaddaşında qalan Anar İsgəndərli bu dəfə yeni kolleksiyası üçün daha mücərrəd bir mövzu seçib - qaranıqda işıq axtarmaq. Konsepti vurğulamaq üçün qonaqlara səhnəyə çıxan 37 modelin üzərini işıqlandırmaq üçün fənərlər təqdim edilib. Şou və rənglər şərti olaraq üç hissəyə bölünüb: ağrı və əzabı simvolizə edən qara, yaxşıya ümid edən və inamdan bəhs edən qırmızı və ən kulminasiya nöqtəsi olan ağ - yaxşılığın şər üzərində qələbəsi və azadlıq hüququ.

Baku Fashion Week ModePoint və Stock tərəfindən təşkil olunub. ModePoint ölkəmizdə moda sənayesinin inkişafına dəstək olmaq və həm Azərbaycan daxilində, həm də xaricdə moda tədbirlərinin təşkili məqsədilə yaradılmış layihədir. Ardıcıl iki ildir ki, ModePoint hər yay Xəzər dənizinin sahilində keçirilən Fashion Sunset moda nümayişlərini təşkil edir.

Öz növbəsində, Stock 100-dən çox Azərbaycan brendini birləşdirən ilk geniş moda platforması rolunu oynayan konseptual mağazadır. Stock-un əsas məqsədi yerli moda sənayesinin inkişafını təşviq etmək, gənc dizaynerləri dəstəkləmək və yerli brendləri qlobal səviyyəyə çatdırmaqdır.

Baku Fashion Week-in baş rejissoru polşadan olan Nina Drakodur. Nina müxtəlif dizaynerlər və brendlər üçün bir sıra uğurlu beynəlxalq şouların yaradıcısı və iştirakçısıdır. Ninanın işlərinin özünəməxsusluğu hər bir şounun atmosferi, enerjisi və xüsusi estetikası ilə bağlıdır. Nina həm də "Nagorny Models Management" beynəlxalq model agentliyinin kreativ direktorudur. Həmçinin beynəlxalq layihələrdə böyük təcrübəyə malik Yevgeniya Çernışova (Belarus) Bakı Moda Həftəsinin ilk mövsümünün xoreoqrafı kimi çıxış edir.