Bir iynəsinin qiyməti 250 min dollardır

Onurğa əməliyyatı keçirən tanınmış MMA döyüşçüsü Aleksandr Yemelyanenko səhhətindəki problemlərin aradan qaldırılması üçün böyük maliyyə vəsaitinə ehtiyac duyduğunu açıqlayıb.

Bir iynəsinin qiyməti 250 min dollardır
Onurğa əməliyyatı keçirən tanınmış MMA döyüşçüsü Aleksandr Yemelyanenko səhhətindəki problemlərin aradan qaldırılması üçün böyük maliyyə vəsaitinə ehtiyac duyduğunu açıqlayıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, döyüşçü bu barədə "The KastaPodcast" verilişində danışıb. Onun sözlərinə görə, həkimə müraciət etməsinə Roman Rotenberqin tövsiyəsi səbəb olub. Aparılan müayinələrdən sonra ilkin ehtimalların əksinə olaraq, onda əzələ spazmı deyil, onurğa sınığı aşkar edilib. Bu zədə onurğa sinirinin qismən yerdəyişməsinə gətirib çıxarıb.

Yemelyanenko bildirib ki, həkimlər ona xüsusi iynə müalicəsi təyin ediblər. Sözügedən preparatlar olduqca bahalıdır: beş iynənin qiyməti 250 min dollar təşkil edir və ümumi müalicə kursunun dəyəri təxminən 1 milyon dollara çatır. Onun sözlərinə görə, bu iynələr Koreyadan sifariş olunur və kök hüceyrələrə əsaslanır. Döyüşçü hazırda belini tam sağaltmaq və yenidən normal formaya qayıtmaq yollarını düşündüyünü, bu müalicənin isə yeganə çıxış yolu olduğunu deyib.

Aleksandr Yemelyanenko gündəlik həyatında yaşadığı çətinliklərdən də bəhs edib. O qeyd edib ki, səhərlər qoltuqağacı olmadan qısa məsafələrdə hərəkət edə bilsə də, uzun məsafə qət etməkdə çətinlik çəkir və ayaqüstə qalmaq üçün mütləq nəyəsə söykənməyə ehtiyac duyur. Buna görə də hazırda əsasən qoltuqağacı ilə hərəkət edir.