Böcek ailəsi nədən zəhərlənib? - İlkin hesabat açıqlandı
Fatihdə 4 nəfərlik Böcək ailəsinin zəhərlənərək həyatını itirdiyi hadisə ilə bağlı Adli Tibb İnstitutunun ilk hesabatı açıqlanıb. İlkin rəyə əsasən, ailə oteldə kimyəvi maddədən zəhərlənə bilər. Ailənin qida zəhərlənməsindən ölməsi ehtimalı isə daha aşağı qiymətləndirilib. Tam rəyin 28 noyabrda açıqlanacağı bildirilib.
meqale.com xəbər verir ki, Almaniyadan İstanbula gələn Böcək ailəsinin qaldığı otel otağında havalandırma sistemi olmayıb və onların otağının alt qatındakı otaq hadisədən bir gün öncə dərmanlanıb.
Təxminən bir həftə əvvəl Almaniyadan İstanbula tətil üçün gələn Servet və Çiğdem Böcək cütlüyü, həmçinin onların 6 yaşlı oğlu Kadir və 3 yaşlı qızları Masal həyatını itirib. Eyni oteldə qalan Ayoub Hamraoui, Reda Fakhri və yenə Ayoub Hamraoui olmaqla 3 nəfər də vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb.
Hadisə öncə qida zəhərlənməsi kimi dəyərləndirilsə də, otelin dərmanlandığının ortaya çıxması məsələni fərqli istiqamətə yönəldib.
Ailənin Ortaköydə yemək yediyi kafenin sahibi, midyə satıcısı, kokoreç satıcısı və lokum satıcısı ilə yanaşı otel işçiləri və dərmanlama şirkətinin əməkdaşları daxil olmaqla 11 nəfər saxlanılıb. Onlardan dördü - kafe sahibi, midyə satıcısı, kokoreç satıcısı və lokum satıcısı - məhkəmənin qərarı ilə həbs edilib.
Tibb İnstitutunun açıqlamasında bildirilir ki, hadisənin gedişi, tibbi məlumatlar və eyni oteldə qalan başqa iki nəfərin də oxşar şikayətlə xəstəxanada olması nəzərə alınaraq, aşağıdakı nəticə əldə olunub:
Birinci ehtimal: Oteldəki mühitdən qaynaqlanan kimyəvi maddə ilə zəhərlənmə.
Daha aşağı ehtimal: Qida zəhərlənməsi.
10-11 noyabr tarixlərində ailə midyə, pide, tantuni, kokoreç və lokum kimi müxtəlif qidalar yeyib.
12 noyabr səhəri onların hamısında ürəkbulanma və qusma başlayıb.
Xəstəxanaya getsələr də ilkin müalicədən sonra otelə qayıdıblar.
13 noyabr səhərə yaxın vəziyyətləri yenidən ağırlaşıb və xəstəxanaya aparılsalar da iki uşaq həyatını itirib. Ana Çiğdem Böcək də daha sonra vəfat edib.
Otel 11 noyabrda həşəratlara qarşı dərmanlanıb.
Ailənin qaldığı 201-ci otaq, dərmanlanan 101-ci otağın düz üstündə yerləşib.
201-ci otaqda havalandırma sistemi olmayıb.
15 noyabrda eyni oteldə qalan iki əcnəbi turist də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilib.
Aparılan otopsiyada uşaqların ölümünə səbəb ola biləcək travmatik hər hansı əlamət aşkarlanmayıb.
Mədədə qismən qanama və qızartı görüldüyü qeyd olunub.
Ananın mədəsində nöqtəvi xoralar və geniş qanama olduğu bildirilib.