Çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Fuad Həmid oğlu Şirinova məxsus çörək emalı müəssisəsində keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.