Daha 30 il müharibə şəraitində yaşayaq? – Paşinyandan revanşist qüvvələrə...
Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar ölkənin mövcudluğunu şübhə altına alırlar.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü brifinqdə deyib.
Paşinyan bildirib ki, ölkə daxilində Ermənistanın yaxın 30 ildə də müharibə şəraitində yaşamasını istəyən şəxslər var:
"Mən kiminsə istəklərini, fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, amma söhbət real nəticələrdən gedir. Səhvlərindən dərs almış, öhdəliyi olan bir rəhbər şəxs kimi deyə bilərəm ki, kimsə Ermənistanın qarşıdurma rejimində yaşamalı olduğunu deyirsə, o, əslində dövlətin özünü şübhə altına alır. Mən demirəm ki, bu adamlar bunu istəyir, amma nəticəsi yaxşı olmayacaq".
Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan məhz 3 il əvvəl - 44 günlük müharibə ərəfəsi də daxil olmaqla mütəmadi olaraq iştirak etdiyi bütün platformalardan birmənalı şəkildə Azərbaycana qarşı ərazi iddiaları, təxribatyönlü açıqlamaları ilə diqqət mərkəzinə düşürdü. Hətta onun nəticəsi idi ki, 2020-ci il 27 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələri mövqelərimizə hücuma keçdi. Ordumuzun cavab tədbirləri nəticəsində düşmən 44 günlük savaş sonrası təslimçilik sənədinə imza atdı və 30 illik işğala son qoyuldu. İndi isə aydın görünür ki, Nikol Paşinyan da artıq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolunun qalmadığı ilə barışır və regionun gələciyinin məhz rəsmi Bakının elan etdiyi kimi sülhdən keçdiyini anlamağa başlayır.
meqale.com