Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir

Yeraltı hidrogen ehtiyatları dayanıqlı enerjinin yeni mənbəyinə çevrilə bilər.

Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir
Yeraltı hidrogen ehtiyatları dayanıqlı enerjinin yeni mənbəyinə çevrilə bilər.

meqale.com xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar, həmçinin Oksford və Darem universitetlərinin, eləcə də Toronto universitetinin alimləri nəhəng təbii hidrogen ehtiyatlarının mövcudluğunu təsdiqləyiblər.

"Ecoticias" nəşrinin yazdığına görə, hidrogenin ənənəvi istehsal üsulundan fərqli olaraq (su molekullarının elektrik və ya qazıntı yanacaq vasitəsilə parçalanması), bu ehtiyatlar təbii yolla - qədim rif zonalarında suyun dəmirlə zəngin süxurlarla reaksiyası nəticəsində formalaşır.

"Nature Reviews Earth & Environment" jurnalında dərc edilən araşdırmada alimlərin ehtimalına görə, son milyardlarla il ərzində o qədər hidrogen yığılıb ki, bu, bəşəriyyəti 170 min il ərzində enerji ilə təmin edə bilər. Belə yataqların axtarışı üçün əsas "resept" məsaməli süxurların və hidrogeni yerin altında saxlayan geoloji tələlərin mövcudluğudur. Təxminən 30 Amerika ştatı perspektivli hesab olunur, xüsusilə də böyük hidrogen həcmlərinin toplanmış ola biləcəyi Kanzas ştatı ön plana çıxır.

Mövzuya biznes dairələrinin də marağı artır: "Koloma" (Bill Qeyts tərəfindən dəstəklənir) və "Hy-Terra" şirkətləri aktiv şəkildə axtarışlara sərmayə yatırırlar. Oxşar tədqiqatlar təkcə ABŞ-da deyil, həm də Fransada, Avstraliyada və Albaniyada aparılır.