"İƏT Azərbaycanda Tədqiqat Mərkəzi yaradır, nizamnamə hazırdır"
Üç ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Tədqiqat Mərkəzinin Nizamnaməsini imzalayıb.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində İƏT-in baş katibi Xusrav Noziri deyib.
"İƏT Tədqiqat Mərkəzinin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülüb və 5 may 2006-cı ildə Bakıda keçirilən İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində əksini tapıb. Sonrakı İƏT görüşlərində bu ideya daha da inkişaf etdi. İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi İƏT dövlət və hökumət başçılarının 2021-ci ilin martında virtual formatda keçirilən 14-cü Sammitində üzv ölkələr tərəfindən imzalanmaq üçün hazır idi. Hazırda sənəd 3 ölkə (Azərbaycan, Türkiyə və Pakistan) tərəfindən imzalanıb. İƏT Tədqiqat Mərkəzi Bakıda yerləşəcək", - o deyib.
Noziri qeyd edib ki, Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatların keçirilməsi, dayanıqlı sosial-iqtisadi inkişaf üzrə aktutal məsələlərlə bağlı təklif və tövsiyələrin hazırlanmasıdır. Bunlar İƏT-ə üzv ölkələrin maraqlarına xidmət edəcək və bu ölkələr arasında əməkdaşlığın genişlənməsinə səbəb olacaq.
"İƏT-in "İqtisadiyyat" jurnalının Tədqiqat Mərkəzinin bir hissəsi olacağı gözlənilir. İƏT Nazirlər Şurasının 24 yanvar 2023-cü il tarixində Daşkənddə keçirilən 26-cı iclası İƏT-in "İqtisadiyyat" jurnalının beynəlxalq miqyasda tanınan, geniş yayılan və nüfuzlu nəşrə çevrilməsinə yönəlmiş fəaliyyətin davamını birmənalı şəkildə dəstəkləyib və Katibliyi jurnalın yeni konsepsiyasına dair layihə təkliflərinin maliyyələşdirilməsi prosesini sürətləndirməyə çağırıb",- deyə o vurğulayıb.
Xusrav Noziri əlavə edib ki, İƏT Katibliyi İƏT-in Ticarət və İnkişaf Bankının əməkdaşlığı ilə jurnalın transformasiyasına mühüm məbləğin ayrılmasını təşkil edib.