İqtisadiyyatın gələcək proqnozları belə gözlənilir - TƏHLİL
"Yanvar ayında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 0,9% azalıb. Bu, əlbəttə ki, arzuolunan bir hal deyil, amma iqtisadçılar bu tendensiyanın davamlı olacağına ehtimal vermirlər".
meqale.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ÜDM-in azalması ilin əvvəlində bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər.
"Dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ehtiyatla verməsi ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, həmçinin tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması kimi amillər bu azalmaya səbəb ola bilər.
İqtisadiyyat üzrə mütəxəssislər ilin sonrakı aylarında iqtisadiyyatın əsas sahələrində canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə artımın bərpa olunacağına ümid edirlər.
Bununla belə, 0,9%-lik azalma ciddi siqnal olaraq qəbul edilməlidir. Xüsusilə də nəzərə alsaq ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artmışdır. Bu azalma, iqtisadiyyatın daha dərindən analiz edilməsini və uzunmüddətli strateji yanaşmaların tətbiqini tələb edir".