İrəvanda siyasi çəkişmələr dərinləşir - Paşinyanın ittihamlarına cavab gecikmədi
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın silahdaşı və Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanın Qarabağ porosesi ilə bağlı ittihamlarına cavab verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Levon Zurabyan Nikol Paşinyanın son açıqlamalarını şüur axını adlandırıb.
Xatırladaq ki, iyunun 20-də 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ter-Petrosyan özünün "Müharibə, yoxsa sülh: həqiqət anı" məqaləsi ilə Qarabağ prosesinə daha da dolaşıqlıq gətirib. O həmçinin, 1996-cı ildəki seçimlərdən sonra Ermənistanın birinci prezidentin legitimliyinin şübhəli olduğunu bildirib.
"Paşinyanın araşdırma komissiyasının iclasında qurduğu şou onun dövlətimiz üçün faydalı bir işlə məşğul olmayacağını və həyatının yerdə qalan hissəsini faciəvi müharibədə xalqımız və tarix qarşısındakı günahlarını təmizə çıxarmaq və bəraət qazandırmaq kimi səmərəsiz işə sərf edəcəyi fikrini təsdiqləyir", - deyə siyasətçi qeyd edib.
Zurabyan onu da vurğulayıb ki, araşdırma komissiyasının əsas vəzifəsi 44 günlük müharibədəki məğlubiyyətin səbəblərinin aşkarlanması və təqsirkarların məsuliyyətə cəlb edilməsindən ibarət olmalı idi. Erməni siyasətçi əlavə edib ki, burada söhbət baş nazirin cavabdehlik daşıdığı hərbi sursat və silah tədarükü, kəşfiyyatın təşkili, səfərbərlik və hərbi logistikadan söhbət gedir. Müxalifətçinin fikrincə Paşinyan yuxarıda sadalananların heç birini edə bilmədiyinə görə çoxdan vəzifədən kənarlaşdırılmalı idi.
"Paşinyanın öz ifadələrində yalnız diplomatik prosesə fokuslanması digər sahələrdə də uğursuzluğa görə məsuliyyətdən qaçmaq cəhdidir. Bundan başqa, bu onun ilk növbədə diplomatiyadakı uğursuzluğu ilə xalqımızın başına bu faciəni gətirdiyinin şüuraltı etirafıdır", - deyə Zurabyan vurğulayıb.
meqale.com