Kamaləddin Qafarov: “Bu futbol matçı mühüm siyasi əhəmiyyət daşıyan hadisədir”
"Cari il dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən ilk futbol matçı olmaqla, bu oyun bütün xalqımızın hədsiz sevincinə səbəb olmuş tarixi hadisə idi". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, həmin oyunda qəhrəman şəhidlərimizin övladlarının və ailə üzvlərinin də iştirak etməsi şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir." Ölkə Prezidenti cənab İlham Əliyev oyundan əvvəl Xankəndi stadionunda etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bu futbol matçının qədim Azərbaycan diyarı olan Xankəndidə keçirilməsinin çox böyük siyasi mənası var. Torpaqlarımızın Ermənistan tərəfindən işğalda saxlandığı 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar və bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Ermənistan və onun havadarları elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır."