Paşinyan erməniləri tam xalq hesab etmir, çünki...
"Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai radiosundakı "Təhlükəsiz mühit" proqramına müsahibəsində deyib.
"Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - N.Paşinyan söyləyib.
Ermənistanın baş naziri vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib: "Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb".
Dövlət başçısı qeyd edib ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
...Dünən müsahibəsində N. Paşinyan daha sonra bildirib ki, Ermənistan Konstitusiyasına əlavələr və dəyişikliklərin zəruriliyi ilə bağlı deyilənlərin "Azərbaycan tərəfdən təzyiqlər"dən qaynaqlanması barədə deyilənlər yalandır: "Halbuki hər hökumət düşünməli və qərar verməlidir ki, dövlətin, xalqın təhlükəsizliyini hansı təməl əsaslarla təmin edəcək".
Ermənistanın baş naziri ölkənin silahlı qüvvələri haqqında danışıb. Onun sözlərinə görə, "erməni ordusu" ifadəsi mənasızdır.
"Axı niyə "erməni ordusu" deyirik, anlamıram. Ermənilər bir çox ölkələrdə yaşayırlar. Məsələn, ABŞ-dakı ermənilərə ordu gərəkdir?! Bəlkə onların orduları var?! Ermənistan ordusu yalnız dövlətin suveren ərazisində fəaliyyət göstərə bilər. Bu baxımdan bizi əhatə edən aqressiv mühitdən gələn risklərlə təhdidləri real, olduğu kimi dəyərləndirməliyik", - N.Paşinyan söyləyib.
O, ermənilərin milli kimliyi, sosial və siyasi anlamlardakı mahiyyəti barədə də fikrini bildirib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistandakı və dünyanın bir sıra ölkələrindəki ekspertlər ermənilərin dövlətçiliyə malik etnos, dövlət xalqı olmadığını düşünürlər: "Bu fikirlər qismən yanlış, qismən doğrudur. Amma mən indi başqa səsələ barədə danışmaq istəyirəm. Bir məqam, bir nöqtə var ki, ondan sonra dövlət xalqına çevrilirik. Hesab edirəm ki, həmin nöqtə Konstitusiyaya əlavələr və düzəlişlərlə bağlı referendumudur".
Ermənistanın baş naziri Rusiya ilə münasibətlərə də toxunub. O, hesab edir ki, kiminlə, hansı dövlətlə ciddi və dayanıqlı hərbi-texniki əməkdaşlıq edə biləcəklərini müəyyənləşdirməli, anlamalıdırlar.
"Hərbi-texniki əməkdaşlıq sahəsində əvvəllər əlaqələrin 97 faizi Rusiya Federasiyası ilə bağlı idi. İndi bu, bir sıra obyektiv və subyektiv səbəblərə görə mümkün deyil. Bu səbəbdən də Hindistan, İran, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurduğumuzu anlamalıyıq", - N.Paşinyan bəyan edib.
Ermənistanın baş nazirinin müsahibəsində ölkənin Müstəqillik Bəyannaməsindən və Konstitusiyasından bəhs etməsi, əlavələrlə düzəlişlərin qaçılmazlığını və zərurətini vurğulaması təsadüfi deyil.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Sənəd İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub, Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin katibi Ara Saakyan tərəfindən imzalanıb. Bu sənəd Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən bəyannamə kimi qəbul edilir. Qeyd edək ki, 12 maddədən ibarət sənəddə Ermənistanın adından "Sovet Sosialist Respublikası" ifadəsinin götürülməsi qeyd edilib.
Qondarma "soyqırım" iddiaları, ərazi iddiaları kimi ermənilərin ən böyük bəlasına çevrilmiş məsələlər də orada yer alır. Eyni zamanda, sənədin 6-cı maddəsindəki bəzi ştrixlər Ermənistanın SSRİ -nin "subyektlərindən" asılılığına da dəlalət edir.
Hazırda Ermənistan üçün ən ciddi problem əsas problem sözügedən sənədin preambulası və onun da sonradan ölkə Konstitusiyasının preambluasında da əks olunmasıdır.
Həmin preambulada deyilir: "Ermənistan SSR Ali Soveti erməni xalqının vahid iradəsini ifadə edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərindən və beynəlxalq hüququn məşhur normalarından çıxış edərək, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarına əsaslanaraq, 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi ictimai quruluşun yaradılması məsələsini qarşıya qoyaraq..."
Azərbaycan da Ermənistanın Konstituasiyasında bu preambulanın çıxarılması şərtini səsləndirib. Özü də bu, sadəcə Azərbaycanın deyil, Türkiyənin də tələbidir, çünki bəyannamənin 11-ci bəndində deyilir: "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və "Qərbi Ermənistanda erməni soyqırımı"nın (qondarma - red.) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir". Eyni zamanda, bəyannamənin 12-ci bəndində vurğulanır ki, "bu Bəyannamə Ermənistan Respublikası konstitusiyasının hazırlanması, qüvvədə olan konstitusiyaya isə əlavə və dəyişikliklərin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyəti və respublikanın yeni qanunvericilik aktlarının hazırlanması üçün əsas kimi xidmət edir".
Məhz bu səbəbdən rəsmi İrəvan Bakı ilə sülh sazişinin imzalanmasından, əsas da sənədin reallaşmasından sonra bölgədən stabilliklə təhlükəsizliyin təminatında Ermənistan Konstitusiyasının preambulasında yer almış müddəaların, daha doğrusu, Azərbaycanla Türkiyəyə qarşı əsassız iddiaların çox ciddi problemlər olduğunu anlayır.
Nikol Paşinyanın məqsədi sülhə nail olmaq yox, Ermənistanın dövlət legitimiliyini təmin etmək və dövlət statusunu təsdiqləməkdir.
Ermənistanın hakimiyyət isteblişmenti anlayır ki, ölkənin dövlət statusunun əldə olunması üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə yanaşı, şərti dövlət sərhədi delimitasiya və demarkasiya edilməli, normal sərhəd kimi leqallaşdırılmalıdır. Yalnız belə olarsa Ermənistan geosiyasi layihə statusundan qurtula bilər.
Eyni zamanda, Nikol Paşinyan ermənilərə anlatmağa çalışır ki, Konstitusiyanın preambluasında "Dağlıq Qarabağ" ifadəsi qaldıqca, Azərbaycan bunu mütləq şəkildə və haqlı olaraq ərazi iddiası kimi qəbul edəcək.
Belə olan təqdirdə bölgədə sülhlə stabilliyin bərqərar olmasından, ələlxüsus da ermənilərin etnosiyasi baxımdan dövlət xalqı olmasından danışmağa dəyməz. Elçin Alıoğlu TREND