Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə

Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.

Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə
Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilən yeniyetmə qız məktəbdən qayıtmayıb.

"Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə bağlı məlumat verilib. Bu kimi uşaqların əksəriyyəti valideynlərin biganəliyi və zorakılığı səbəbindən reabilitasiya proqramına cəlb olunurlar. Lakin valideyn hüquqları məhdudlaşdırılmadığı üçün ailə ilə ünsiyyət saxlanılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, valideynlərlə görüşlər davam etdirilir. Bir neçə gün əvvəl yeniyetmənin atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini və qızını evə aparacağını desə də, sonradan fikrini dəyişərək onun 18 yaşına qədər sığınacaqda qalmasını istəyib",- deyə paylaşımda qeyd edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, ötən gün "Təmiz Dünya" Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanın da atası 2 gün öncə ondan imtina edibmiş.