Sonsuzluq yaradır - Bakıda addımbaşı hər yerdə var: Bəzi evlərdə də istifadə olunur
Artıq Bakıda addımbaşı kofe satılan yer var. Hansı ki, "takeaway" tipli bu məkanlarda satılan çay və kofelər plastik və karton stəkanlarda satılır. Bu tipli qablar bütün marketlərdə də ucuz qiymətə satılır. Eləcə də, məşhur restoranlarda "takeaway" xidməti zamanı karton stəkanlardan istifadə olunur. Belə stəkanlar isə sağlamlığımız üçün risk daşıyır.
meqale.com xəbər verir ki, araşdırmalar göstərir ki, isti içkilər üçün istifadə olunan karton stəkanlar mikroplastik hissəcikləri içkiyə buraxa bilər.
Bu, stəkanın iç tərəfinin plastiklə, əsasən polietilenlə örtülməsi səbəbindən baş verir.
Tədqiqatlar göstərir ki, 85-90 °C temperaturda olan maye stəkanda 15 dəqiqə saxlandıqda təxminən 25 minə yaxın mikroplastik hissəcik ifraz olunur. Daha kiçik, sub-mikron ölçülü hissəciklərin sayı isə daha yüksəkdir. Həmçinin, isti maye stəkana təmas etdikdə plastik örtük səthindən parçalanaraq mikroplastikləri sərbəst buraxır.
Mütəxəssislər xəbərdarlıq edir ki, mikroplastiklər yalnız estetik və fiziki problem yaratmır. Bu hissəciklərin insan orqanizminə daxil olması uzunmüddətli sağlamlıq riskləri daşıyır. Araşdırmalar göstərir ki, mikroplastiklər qanda yığılaraq oksidləşmə proseslərini sürətləndirə və hüceyrələrə zərər verə bilər. Bundan əlavə, onlar qida və içkilər vasitəsilə toksik kimyəvi maddələrin bədənə keçməsinə şərait yarada bilər. Mikroplastiklər hətta, spermanın quruluşunu belə dəyişə, genetik xəstəliklərin yaranmasına səbəb ola bilir.
Əgər sağlamlığınızın qeydinə qalmaq, daha uzun müddət sağlam yaşamaq istəyirsinizsə plastik və karton stəkanları, qabları həyatınızdan çıxarın. İsti içkilər üçün plastik örtüksüz stəkanlardan və ya alternativ materiallardan, məsələn, şüşə, keramika və ya metal fincanlardan istifadə etməyi tövsiyə edirlər. Bu, həm mikroplastik ifrazını, həm də uzunmüddətli sağlamlıq risklərini azaltmağa kömək edir.