Tanınmış aktyor yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Türkiyəli məşhur aktyor və aparıcı Ufuk Özkan qaraciyər çatışmazlığı və sirrozun irəliləməsi səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.
meqale.com xəbər verir ki, bir müddətdir müalicə alan Özkanın vəziyyətinin ağır olduğu bildirilir.
"Geniş Aile" serialındakı rolu ilə tanınan aktyorun səhhəti ilə bağlı ailəsi ictimaiyyəti məlumatlandırıb.
Açıqlamada qeyd olunub ki, son tibbi müayinələrdə Ufuk Özkanın MELD balı 22-yə yüksəlib və bu səbəbdən həkimlər qaraciyər nəqli qərarı veriblər. Hazırda uyğun donor axtarışı davam edir.
Aktyorun qardaşı Umut Özkan sosial şəbəkədə paylaşım edərək, qardaşının bir neçə ildir qaraciyər çatışmazlığı və sirroz səbəbilə müalicə aldığını bildirib. O, prosesin mütəxəssis səhiyyə qrupları tərəfindən diqqətlə izlənildiyini, Ufuk Özkanın isə əhval-ruhiyyəsinin yüksək olduğunu vurğulayıb.
Bəyanatda dəstək və dua mesajları göndərənlərə təşəkkür edilib, bu həssas dövrdə ailənin şəxsi həyatına hörmətlə yanaşılması xahiş olunub.