Tatusu olanlara bəd xəbər

Alimlər tatu boyalarının immun sisteminin işinə təsir göstərə biləcəyini müəyyən ediblər.

Tatusu olanlara bəd xəbər
Alimlər tatu boyalarının immun sisteminin işinə təsir göstərə biləcəyini müəyyən ediblər.

meqale.com xəbər verir ki, araşdırma "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Tədqiqat zamanı məlum olub ki, tatu boyaları yalnız dəridə qalmır. Boya hissəcikləri orqanizmə yayılaraq limfa düyünlərində toplanır və immun hüceyrələrlə qarşılıqlı əlaqəyə girir.

Eksperimentlər siçanlar üzərində aparılıb. Heyvanların pəncə nahiyələrinə müxtəlif rəngli tatu boyaları vurulub. Alimlər müşahidə ediblər ki, boya hissəcikləri bir neçə saat ərzində yaxın limfa düyünlərinə çatır və burada immun cavabda əsas rol oynayan makrofaqlar tərəfindən udulur.

Araşdırmaya görə, tatu vurulduqdan bir gün sonra limfa düyünlərində makrofaqların sayı azalır. Bu isə hüceyrələrin bir hissəsinin boya ilə təmasdan sonra məhv olduğunu göstərir. Boya hissəcikləri isə limfa düyünlərində ən azı 2 ay qalır.

Alimlər həmçinin müəyyən ediblər ki, tatu olan nahiyəyə COVID-19-a qarşı mRNT peyvəndi vurulduqda anticisimlərin yaranması zəifləyir. Qripə qarşı inaktiv peyvənd zamanı isə immun reaksiya əksinə güclənib.

Tədqiqat müəllifləri bildirir ki, bu nəticələri birbaşa insanlara aid etmək hələ tezdir. Bununla belə, peyvəndlərin birbaşa tatu olan nahiyəyə vurulmaması tövsiyə olunur. Alimlər tatu boyalarının immun sisteminə uzunmüddətli təsirinin hələ tam öyrənilmədiyini qeyd edirlər.