Teodora Georgiyeva IGB-nin maliyyələşdirilməsi prosesindən danışıb
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin icrası üçün qalan vəsait tam mənimsənilib.
Bu barədə Trend-ə özəl müsahibəsində boru kəmərinin operatoru olan ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.
"Layihənin ümumi dəyəri 253 milyon avro olmaqla səhmdarların investisiyaları, Avropa İnvestisiya Bankının krediti, Energetika sahəsində Avropa Bərpa Proqramı (ERPR) və "İnnovasiyalar və rəqabət qabiliyyəti" Əməliyyat Proqramının (OPIC 2014-2020) vəsaiti hesabına təmin olunub", - o deyib.
T.Georgiyeva ICGB-nin boru kəmərində bütün işləri sahə üzrə ən yüksək standartlara uyğun olaraq yerinə yetirdiyinə zəmanət vermək üçün bütün vəsaitin tranşlar şəklində, hər birinin ətraflı qiymətləndirmə və müstəqil auditdən sonra əldə olunduğunu qeyd edib.
"Bu proses yetərincə ləng və inzibati baxımdan ağır olsa da, işimizə yeni şəffaflıq və nəzarət səviyyəsi gətirdi, həmçinin milli və Avropa qanunvericiliyinə tam uyğunluğu təmin etməyimizə kömək edib. Layihə üzrə qalan 22,1 milyon avro dəyərində son tranşı oktyabr ayında əldə etmişik", - deyə o əlavə edib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb. İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür. Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur.