"Uje" dedim, 2000 min manatlıq cərimə, amma Tv-də ağzınıza gələni danışsanız, cərimə olmayacaq"
Əməkdar artist Tahir İmanov televiziya efirlərində bəzi sözlərin işlədilməsinə görə cərimə tətbiq olunması məsələsinə münasibət bildirib.
meqale.com xəbər verir ki, aktyor mövzu ilə bağlı sosial şəbəkədə video paylaşaraq yeni qaydalara ironik yanaşıb. O, çıxışında bildirib ki, televiziya kanallarında müəyyən ifadələrə görə cərimələr nəzərdə tutulub. Tahir İmanov "okey", "vau" və "karoçi" kimi sözlərin hər birinə görə 500 manat cərimə tətbiq olunduğunu deyərək, bu vəziyyəti istehzalı şəkildə şərh edib.
Sənətçi videoda zarafatla bir neçə dəfə "uje" sözünü işlətdiyini və bununla da cərimə məbləğinin artdığını vurğulayıb. O, eyni zamanda televiziya efirlərində bayağı danışıq və keyfiyyətsiz musiqinin təbliğ olunmasına görə hər hansı cəzanın olmamasını da tənqid edib.
Qeyd edək ki, Audiovizual Şuranın sədri İsmət Səttarov açıqlamasında televiziya məkanında Azərbaycan dilinə xas olmayan sözlərdən istifadə edən şəxslərə 500 manatdan 1000 manata qədər cərimə tətbiq ediləcəyini bildirib. Bu məsələ hazırda ictimai müzakirələrə səbəb olub.