"Arvadı rüşvətxor, özü camaatın üzünə tüpürür..."
Ermənistanda hakimiyyətdə olan "Mülki Müqavilə" partiyasının funksionerləri arasında yeni parçalanma yaşanır. Partiyanın rəhbərliyindəki bir sıra şəxs ölkə parlamentinin spikeri, baş nazir Nikol Paşinyanın "sağ qolu" sayılan Alen Simonyanın dərhal istefa verməsini tələb edirlər.
Narazılar məsələni N.Paşinyan qarşısında da qaldırıblar.
A.Simonyanın istefasını və onunla bağlı olan şəxslərin hakimiyyətdən kənarlaşdırılmasını tələb edənlərin dediklərinə görə, spikerin adının hallandığı qalmaqalların heç biri ilə bağlı zəruri tədbirlər görülməyib.
Məsələn, Ermənistan parlamentinin spikerinin arvadı Mariam Marqaryana məxsus "Freenews TV" telekanalı artıq aylardır ki, Ermənistan Teleradioyayım Şəbəkəsinə 1,4 milyon dramlıq aylıq ödənişləri həyata keçirmir. "Freenews" telekanalının borclarının ümumi məbləği artıq 23,3 milyon dramı keçib.
Borclarla bağlı məsələ erməni mediasında yayılandan sonra belə, M.Marqaryan ərinə güvənərək ödənişlər etməyib.
A.Simonyanın qardaşının arvadı Ani Gevorkyan isə rüşvət almaqda suçlanaraq bir neçə gün əvvəl həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiyaya qurşanmaqda suçlanır.
"Bütün bunları nəzərə alaraq Alen Simonyanın istefasını tələb edirik. Bu adam partyiamızın və hakimiyyətin nüfuzuna sürəkli zərbələr vurur. Arvadı rüşvətxor, özü camaatın üzünə tüpürür. Bizə belə parlament spikeri gərək deyil", - narazılar N.Paşinyana söyləyiblər.
Onlar ötən ilin aprelində Alen Simonyanın İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürdüyünü, bu əməlinə görə hətta qınanmadığını belə, söyləyirlər.
A.Simonyanın tərəfdarları isə bildirirlər ki, "narazılar"ın istisnasız olaraq hamısı revanşist və Rusiyaya meylli qüvvələrdir. Onlar Ermənistanın hakimiyyət dairələrinin Qərbə meylli siyasət yürütməsindən, Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiklərindən narazı qalaraq belə davranırlar. A.Simonyanın Ermənistanın gerbinə zəruri dəyişikliklər edərək oradakı Ağrı dağının rəsminin götürülməsini təklif etməsindən sonra isə daşnaklar, revanşistlər, xüsusilə də Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın dəstəsinin daha da aktivləşdikləri vurğulanır.
Orxan Hun meqale.com