Azərbaycan xalqından üzr istədilər - YENİLƏNİB
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
meqale.com APA-ya istinadən bildirir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alghabr Mohammad Hussain ifadə verib.
O, ifadəsində bildirib ki, funikulyora minmək məqsədi ilə Şəhidlər xiyabanından keçiblər: "Biz Bakıya bələdçisiz gəlmişik. Sürücümüz dedi ki, dağüstü parkda funikulyor var, ona minib bütün Bakını görə bilərik. Biz də ora gedəndə şəkillər və güllər olan yer gördük. Bilmədik ki, bura Şəhidlər xiyabanıdır. Hərəkətləri edəndən sonra iki qadın dedi ki, burada şəhidlər dəfn olunub. Əsgər salamı verib getdik. Elə bilmişdik ki, bura deyib-gülə biləcəyimiz turist məkanıdır. Biz orda təhqir etməmişik, gülləri dağıtmamışıq".
O, dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Səudiyyə Ərəbistanında belə qəbirlər olmur: "Bizdə qəbir daşları, şəkillər və hətta güllər olmur. Qəbir haqqında zarafat etmirdim. Tam səmimi dedim ki, əgər aramızdan kimsə ölsə, ona belə qəbir düzəldəcəm. Çünki xoşuma gəlmişdi. Çəkilişin məqsədi sosial şəbəkədə yaymaq və ailəmə göndərmək idi. "Snapchat"la çəkib, deyib-gülürdük. Elə ciddi məkan olduğunu bilmirdim. Şəhidlərə hörmətim sonsuzdur. Bir daha üzr istəyirəm".
Zərərçəkənin hüquqi varisi kimi tanınan Eldəniz Fərəcov ondan özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşub. Təqsirləndirilən bildirib ki, video yanlış anlaşıldığı üçün üzr istəyir.
Digər iki təqsirləndirilən də oxşar ifadə verib. Məlum olub ki, videonu Alghabr Mahdi Mohammad çəkib. O, heç bir qeyri-etik hərəkət etmədiyini deyib.
Prosesin davamında zərərçəkən kimi tanınan şəxslər ifadə verib.
Eldəniz Fərəcov Şəhidlər xiyabanında dəfn olunan qohumunun xalqın şəhidi olduğunu bildirib və özlərini təqsirli bilmədiyi üçün onları bağışlamadığını deyib.
Digər zərərçəkən də təqsirləndirilənləri bağışlamadığını deyib: "Xadimədən öyrəndim ki, bunlar qardaşımın məzarındakı gülləri dağıdıblar".
Prosesdə şahid qismində ifadə verən, bağban Tərlan Mənsimov isə deyib ki, o, təqsirləndirilən şəxslərin məzarın qarşısında oynadığını görüb.
Digər şahidlərin iştirakının təmin edilməsi üçün proses dekabrın 4-nə təxirə salınıb.
----------- Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb.
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, onların işinə Səbail Rayon Məhkəməsində baxılır.
Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydır həbsdə saxlanılırlar.
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi Ali AR Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Anket məlumatlarından görünür ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı, Alzaman Mahdi Ali isə eyni nazirliklə bağlı şirkətdə mühafizəçi işləyib.
Onlar Azərbaycana gəldikdən sonra Səbail rayonunun Salyan şosesində yerləşən "Panarama" hoteldə qalıblar.
Bugünkü iclasda təqsirləndirilən şəxslər məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətirərək Azərbaycan xalqından üzr istəyiblər: "Hesab edirik ki, biz Şəhidlər xiyabanında özümüzü məsuliyyətli aparmalı idik. Amma biz oranın Şahidlər xiyabanı olduğunu bilməmişik. Çünkü bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar".
Yazılı müraciətlər hakim Azər Tağıyevə təqdim edilib.
Prosesin davamında prokuror ittihamı elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də, müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər.
Qeyd edək ki, polis idarəsində aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunub, özlərini müdafiə edə bilmələri üçün zəruri şərait yaradılıb.