Azərbaycanda süni intellektlə bağlı təlim keçirilib - FOTO
Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzi Azərbaycanda "Süni İntellekt Liderliyi" təliminə başlayıb.
meqale.com xəbər verir ki, 16-17 dekabr 2025-ci il tarixində Bakıda Milli Süni İntellekt Mərkəzi (MSİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri üçün "Artificial Intelligence (AI) Leadership" adlı təlimi keçirir.
Açılış nitqi ilə Stanford Mühəndislik Mərkəzinin rəhbəri Karissa Little çıxış edərək, süni intellektin idarəetmədə məsuliyyətli tətbiqi və qərarvermə proseslərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. AZCON Holding-in icraçı direktorunun müşaviri Aysel Soltanova isə insan kapitalının inkişafının və liderliyin süni intellektin tətbiqi ilə bağlı transformasiyanın əsas elementlərindən olduğunu bildirib.
İki gün davam edəcək təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə bilikləri artırmaq, məlumat yönümlü qərarverməni gücləndirmək və ölkənin innovasiya ekosisteminə dəstək verməkdir. Təlim zamanı iştirakçılar süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri və risklərin idarə olunması barədə beynəlxalq təcrübələrlə tanış olurlar.
Stanford təlimçiləri proqramı üç istiqamətdə keçirirlər: süni intellekt ekosistemi, süni intellektlə güclənən təşkilatlar və təsir üçün süni intellekt innovasiyaları.
Təlimi uğurla bitirənlər Stanford tərəfindən sertifikat alacaqlar.