Azərbaycanda yaşayış binası çökdü - FOTO
Hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev "Qafqazinfo"ya açıqlama verib.
İcra başçısı qeyd edib ki, dünəndən etibarən bütün sakinlər binadan təxliyə olunub.
"Səhər saatlarından etibarən vəziyyət tamamilə qəzalı hal alıb. Pilləkənlər sökülürdü, binadan səslər gəlirdi. Dərhal 50 metrlik bufer zona yaradaraq qabaqlayıcı tədbirlər gördük. Hadisə zamanı xəsarət alan olmadı.
Qonşuluqdakı bina da qəzalıdır. O binaya da FHN-in mütəxəssisləri ilə baxış keçirdik. Orada da qəza riski olduğu tam müəyyənləşdi. Artıq o binanın da növbəti günlərdə köçürülməsi nəzərdə tutulub. Ümumilikdə 76 ailəlik yaşayış kompleksinin tikintisi nəzərdə tutulub".
----------- Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
meqale.com xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Ərazidə hazırda tədbirlər görülür. (APA)