Qırmızı əməliyyatın pərdəarxası
Son günlər sosial şəbəkələrdə dolaşan sovet rəmzləri, qırmızı bayraqlar, SSRİ marşlarını xatırladan çağırışlar təkcə retro-nostalji nümayişi deyil. Məsələ bundan qat-qat dərindir. Paylaşılan videolarda Bakının ortasında sovet simvolları ilə yürüş etməyə cəhd göstərən şəxslərin özləri bu görüntüləri ardıcıl şəkildə tirajlayır, çağırışlar edir, sanki "biz buradayıq" mesajını ünvanlayırdılar.
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlarda Abdulla İbrahimli, İbrahim Əsədli və bu qrupla birgə hərəkət edən digər şəxslərin saxlanılması isə göstərdi ki, məsələ nə spontan nostalgiyadır, nə də təsadüf. Bu, müəyyən sistemin içindən gələn, haradansa idarə olunan, məqsədli şəkildə qurulan bir fəaliyyət xəttidir.
İlkin istintaq materiallarının vurğuladığı diqqətçəkən cümlə, yəni "başqa bir dövlətin maliyyə dəstəyi ilə" bütün oyunun mərkəzində dayanır. Bu cümlə təsadüfən yazılmayıb. Əksinə, məlumatların üslubuna baxanda görünür ki, istintaq həmin "başqa dövlət"i açıq deməsə də, işarə gündən-günə daha qabarıqdır.
Axtarışlarda tapılan sovet rəmzləri, Leninin heykəlcikləri, bayraqlar, kitablar, texniki cihazlar - bütün bunlar bir vaxtlar müəyyən mərkəzlər tərəfindən tətbiq edilən "ideoloji paket"in miniatür versiyasıdır. Bu tip göstəricilər SSRİ-dən keçmiş, amma SSRİ-dən çıxmayan şəbəkələrin əl işidir, hansı ki, postsovet məkanında hələ də fəal şəkildə işlənir.
Bu, ilk hadisə də deyil. Ötən il İmişlinin Sarıxanlı kəndində 9 May tədbirində SSRİ bayrağının memorial kompleksə sancılması, Georgi lenti ilə çıxışlar, daha sonra cinayət işi - bütün bunların ardıcıl şəkildə baş verməsi artıq təsadüf anlayışını sıradan çıxarır. Bu, müəyyən ideoloji xəttin xəfif-yüngül yoxlanma cəhdidir. Pulsuz verilən test "reklamları" kimidir: baxaq, cəmiyyət necə reaksiya verəcək?
Sual isə yenə eyni nöqtəyə gəlir: kim maliyyələşdirir və bu fəaliyyətlər niyə indi aktivləşib?
Bu kimi cərəyanların arxasında təkcə sovet nostaljisi dayanmır. Cəmiyyətin emosional xatirələrindən istifadə edib siyasi təsir yaratmaq - geopolitik mərkəzlərin ən klassik üsullarından biridir. Keçmiş simvollar yenidən gündəmə gətirilirsə, deməli, kimlərsə keçmişin rəmzləri ilə bu günün proseslərinə müdaxilə etməyə çalışır. Xüsusilə regionda artan gərginlik fonunda bu hadisəni xatirələrlə əsaslandırmaq sadəlövhlük olardı.
İllərdir ictimai müzakirələrdə çəkilən bir ad isə yenidən gündəmə gəlib - Ramiz Mehdiyev. Haqqında səslənən iddialar, Moskva ilə əlaqələr, ölkədə şəbəkələr qurduğu iddia olunan "beşinci kolon", koordinasiya etdiyi deyilən müxtəlif siyasi dairələr... Bunların heç biri yeni deyil, sadəcə, indi pazlın hissələri daha rahat birləşir.
Dövlət çevrilişi ilə bağlı sızan məktubun yaratdığı rezonans göstərdi ki, bu əlaqələr sırf şəxsi ambisiyalar deyil, daha geniş dairələrin planları ilə üst-üstə düşən istiqamətlərdir. Bu mənzərədə Bakıda sovet ideologiyasını təbliğ edən qrupların birdən-birə fəallaşması isə şübhələrin səmtini daha da daraldır.
Bu gün SSRİ rəmzləri ilə aksiyaya çıxan o kiçik qruplar, əslində, buzdağının görünən hissəsidir. Bu oyunda təsadüf yoxdur, təsadüf kimi göstərirlər."
Və indi əsas sual daha kəskin səslənir: SSRİ bayrağını Bakıda qaldırmağa çalışanlar kimdir?
Cavab isə bizim şəhərdə deyil. Cavab başqa bir paytaxtın səssiz kabinetlərindədir.
İslam meqale.com