Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə hökm oxundu
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib.
Vəkilin vəsatəti təmin olunmayıb və hökm oxunub.
Hökmə əsasən Abdulla Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.