"Böyük Dəbilqə" turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri bəlli oldu
Bu gün Daşkənddə cüdo üzrə Dünya turunun növbəti yarışına start veriləcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Özbəkistanın paytaxtında keçiriləcək "Böyük Dəbilqə" turniri təqvimdə üçüncüdür və yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Komandamızın heyəti kiçik olsa da, müəyyən dərəcədə medal gözləntiləri var.
Yarışda Azərbaycanı təmsil edəcək üç idmançının ilk görüşlərdəki rəqibləri bəlli olub.
60 kiloqram çəki dərəcəsində Turan Bayramov Yuntao Vanqla (Çin) qarşılaşacaq. Həmin çəkidə mübarizə aparacaq Balabəy Ağayev isə yarışa ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq.
Yaşar Nəcəfov (66 kiloqram) isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) görüşünün güclüsü ilə qüvvəsini sınayacaq.