“Bunun qanuni həlli mümkün deyildi, amma o dedi ki, mənlikdir” - FOTO
İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluqla ələ keçirməkdə ittiham olunan dəstənin məhkəmə istintaqı başlayıb.
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən budəfəki proses təqsirləndirilən Cavid Hüseynlinin vəkilinin media nümayəndələrinə etirazı ilə başlayıb.
Vəkil şifahi olaraq deyib ki, media nümayəndələrinin iştirakı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin barışmasına mane ola bilər. O düşünür ki, jurnalistlər bu səbəbdən məhkəmə zalından çıxarılmalıdır.
Maraqlıdır ki, əvvəlcə digər vəkillər bu vəsatəti lazımsız sayıb dəstəkləməsələr də, sonradan müvəkkillərinin mövqeyi ilə üst-üstə düşdüyü üçün etiraza qoşulublar. Prosesin əsas hakimi Zaur Hacıyev isə "qanunda jurnalistlərin məhkəmə zalından çıxarılması anlayışı yoxdur" deyərək vəsatəti rədd edib.
Daha sonra prokuror ittihamı oxumağa başlayıb: "2025-ci ilin martına kimi Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, digərləri-Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfovla əlbir olaraq cinayət yolu ilə özgənin əmlakını ələ keçirməyi planlaşdırıb. Qrup üzvləri Quvat Hüseynov üçün Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alacaqlarını söz veriblər. Plana əsasən, bu işi Seymur Məhərrəmov yüksək vəzifədə işləyən tanışı vasitəsilə həll edəcəkmiş. İşin həll ollunması üçün isə Quvat Behbudovdan ayrı-ayrı vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alıblar. Bu əməlləri ilə qeyd olunan şəxslər xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar".
Fotoda: Quvat Behbudov
Ev dustaqlığında olan Ceyhun Əşrəfov və Cavid Hüseynli ittihama münasibətdə özlərini qismən təqsirli biliblər. Həbsdə saxlanılan digərləri isə günahsız olduqlarını deyiblər.
Prosesin davamında Cavid Hüseynli sərbəst ifadə vermək üçün kürsüyə dəvət edilib. Bu cinayətin bütün detallarını ən yaxşı bilən elə Caviddir. Çünki zərərçəkmiş şəxsdə Seymura inamı ilk o yaradıb. Müttəhim cinayət hadisəsi ilə bağlı detallı ifadə verib, hər şeyi tək-tək danışıb: "Quvat müəllimin şirkətinin hüquqşünası idim. Şirkət uzun müddət idi ki, Nəsimi rayonunda qeyd olunan ərazidə tikinti aparmaq istəyirdi. Lakin nə Şəhərsalma Komitəsi, nə digər qurumlar icazə verirdi. Həmin yerdə fərdi yaşayış evləri var idi, sahibləri də söküntü ilə razılaşmırdı. Məhkəmələr də sakinlərin xeyrinə qərar verdiyindən ərazidə hər hansı söküntü aparılmasına stop qoyulmuşdu. Bu məsələni qanuni yolla həll eləmək mümkün deyildi. Buna görə belə qərara gəldim ki, Seymura müraciət edim. Seymur bu işi həll edə biləcəyini dedi. Quvat müəllimdən 3 milyon 300 min manat aldım, onun 1 milyon 350 min manatını Zaur vasitəsilə Seymura verdim. Yerdə qalan 2 milyon 148 manatı isə özüm üçün xərclədim. Bundan sonra şirkətimiz söküntü aparılacaq ərazidə yaşayan narazı sakinlərlə razılıq əldə etdi, söküntüyə başladıq."
Seymurun "müdafiəsi"nə güvənib böyük işə başlayan zərərçəkmiş tərəf isə yalnız hər şeyin həll olunduğunu düşünüb ərazini hasarlayandan sonra aldanıldığını başa düşüb. Cavid Hüseynli ifadəsinin davamında qeyd edib ki, ilkin işləri görməyə bir neçə ay ərzində başlanılıb: "Ərazi dəmirlə hasarlandı. Bu müddətdə nə Nəsimi Rayon İcra Hakimiyyətindən, nə digər qurumlardan bizə nə isə deyildi. 2024-cü ilin dekabrında betonu tökməyə başlayanda Fövqəladə Hallar Nazirliyi gəlib dedi ki, tikinti dayandırılmalıdır. Sən demə, nə Şəhərsalma Komitəsindən icazə alınıb, nə də ərazidə tikinti aparılmasına qoyulmuş stop götürülüb. Sonradan Quvat müəllim idmançı Ceyhun Əşrəfovu gətirdi, bu məsələni həll etməyi ona tapşırdı. Amma aylar keçsə də, bir şey ortaya çıxmadı".
C.Hüseynli əlavə edib ki, 4 milyondan çox pul itirən Quvat Beybutov Seymur Məhərrəmovun əməlləri ilə bağlı onun işlədiyi Prezidentin Mühafizə Xidmətinə müraciət edib: "Bu müraciətdən sonra Xidmətdə daxili araşdırma başlanıldı, Seymur da işdən çıxarıldı. Bundan sonra isə PMX işi araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərdi".
İş üzrə digər təqsirləndirilənlərdən birinin vəkili İlhamə Həsənova Caviddən nəyə görə Seymurun tikinti aparılmasına icazə ala biləcəyinə inandığını soruşub. Cavid bunun səbəbini onun yaxşı tanışlarının olması və daha əvvəl ilkin işlərin görülməsində köməklik edə bilməsi ilə əlaqələndirib. Seymurun sadəcə sürücü işləməsinə gəlincə, Cavid bundan xəbəri olmadığını, onun başqa bir məsul vəzifədə çalışdığını bildiyini deyib.
Təqsirləndirilən şəxs vəkil Esmira Hüseynovanın sualını cavablandırarkən isə məlum olub ki, Quvat Beybutov milyonlarla pulu ona elə-belə verməyib. Şirkətin hüquq işlərini görsə belə, Q.Beybutov pulları ona ailəsinə məxsus 72 karat qırmızı yaqut daşını girov qoyması qarşılığında verib. Dediyinə görə, həmin daşın qiyməti xarici bazarda 5 milyon dollara yaxın olub. Amma bu cinayətin üstü açılandan sonra zərərçəkmiş həmin daşı özünə qaytarıb, ondan aldığı pulu nağd qaytarmasını tələb edib.
Cavid Hüseynli sonda qeyd edib ki, hazırda zərərçəkmişə 148 min manat verəcəyi var. Həmin pulu da məhkəmə istintaqı müddətində geri qaytaracaq.
Məhkəmənin sonuna yaxın sərbəst mühakimə olunan idmançı Ceyhun Əşrəfovun vəkili müvəkkili barəsində seçilmiş həbsə alternativ ev dustaqlığı qətimkan tədbrinin tələbləri daha yüngül olan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edərək Ceyhun Əşrəfov barəsində seçilmiş qətimkan tədbirini yüngülləşdirilib. Hakim Zaur Hacıyev qərarın ardından təqsirləndirilən şəxsin ölkədən çıxma ehtimalını nəzərə alaraq müvafiq qurumların məlumatlandırılacağını diqqətə çatdırıb.
Proses fevralın 5-i qaldığı yerdən davam edəcək.