Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
"Elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır".
meqale.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat qeyd edib ki, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır.
Onun sözlərinə görə, dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə "zərərsiz alternativ" kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır.
T.Mirkişili vurğulayıb ki, bu məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir. Əlavə edib ki, bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir:
"Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilmişdir".
Millət vəkili vurğulayıb ki, qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır.
"Xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır. Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir.
Bu baxımdan, idxal-istehsal-satış-istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır. Bu həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir".