Gəncədə seçki prosesi uğurla davam edir

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Gəncə şəhərində yaradılmış 4 dairə seçki komissiyası üzrə fəaliyyət göstərən məntəqələrdə də seçici fəallığı ilə davam edir.

Gəncədə seçki prosesi uğurla davam edir
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Gəncə şəhərində yaradılmış 4 dairə seçki komissiyası üzrə fəaliyyət göstərən məntəqələrdə də seçici fəallığı ilə davam edir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələri fəaliyyət göstərir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə hüququ olan vətəndaşların sayı isə 181090 nəfərdir.

Gəncə sakini Eldar Zeynalov səsvermə hüququndan istifadə edən seçicilərdən biridir. O, növbədənkənar parlament seçkilərində səsvermə prosesində iştirak etməklə konstitusion hüququndan istifadə edib və istədiyi namizədə səs verib. Hər hansı çətinliklə qarşılaşmadığını və sərbəst şəkildə seçim etdiyini vurğulayıb.

Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

"Mən də səsvermədə iştirak etdim və öz namizədimə səs verdim. Ümid edirəm ki, bu seçkilər ölkəmizin daha da çiçəklənməsinə töhfə verəcək", - deyə şəhər sakini Ülkər Yusubova təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.