Heydər Əliyev Sarayında “Şelkunçik” baleti tamaşaçılara təqdim edilib - FOTO
Yeni il ərəfəsində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Pyotr Çaykovskinin məşhur "Şelkunçik" baleti səhnəyə qoyulub.
meqale.com xəbər verir ki, dekabrın 30-da göstərilən tamaşa uzun illərdir teatrın ənənəsinə çevrilmiş Yeni il proqramının əsas hissəsi olub və bu dəfə də geniş tamaşaçı auditoriyasını cəlb edib. Çaykovskinin ölməz musiqisi, zəngin dekorasiya və əlvan səhnə kostyumları tamaşaya xüsusi estetik gözəllik qatıb, bayram əhval-ruhiyyəsini artırıb.
Baş rollarda Şahzadə Şelkunçik obrazını Aleksandr Suldin, Maşa rolunu Əməkdar artist Nigar İbrahimova, Drosselmeyer rolunu isə Ağamir Mirzəyev ifa edib. Baletin baletmeysterləri Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, repititorları isə Mədinə Əliyeva və Gülağası Mirzəyev olub. Tamaşanın idarə edilməsini Əməkdar artist Yuriy Lobaçev, konsertmeysterliyini Züleyxa Usubova, dirijorluğunu isə Əməkdar artist Əyyub Quliyev həyata keçirib.
Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və Yeni il ovqatına rəng qatıb.