İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib.

Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil alan yeniyetmə dostu ilə elektron siqaretə görə dava edib. Belə ki, təqsirləndirilən Zaur Abbaslı (ad və soyad şərtidir-red) özünə məxsus elektron siqareti bir neçə dəfə istifadə etməsi üçün zərərçəkmiş həmyaşıdı Orxana (ad şərtidir-red) verib. Qarşı tərəf isə siqareti geri qaytarmayıb. Bu vaxt Zaur əsəbiləşərək üzərindəki bıçaqla Orxana xəsarət yetirib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib.

Vəkil deyib ki, müttəhiminin yaşı azdır, əməlini dərk etmir. Həmçinin qanuni nümayəndəsi kimi tanınmış anasının iki azyaşlı övladı var.

Ana bildirib ki, ərindən ayrılandan sonra, böyük oğlu tutulub. Bu səbəbdən də övladlarına baxmaqda çətinlik çəkir.

Hakimlər həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini uyğun hesab etməyib. Cinayət işi məhkəmə baxışına verilib.