İRİA Azərbaycanda ikinci vençur fondunun yaradılmasının təfərrüatını açıqladı
Növbəti vençur fondlarına əlavə olaraq 10 milyon ABŞ dolları dəyərində investisiya yatırılması planlaşdırılır.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina deyib.
"İlk vençur fondunun yaradılması ilə Azərbaycanın həm qlobal arenada, həm də investisiyalar kontekstində türk ölkələri arasında mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Vençur fondu yerli startaplara investisiyalarla yanaşı, həm də öz investisiyalarını regiondakı startaplara yönəldir ki, bu da investisiyalar xəritəsində Azərbaycanın mövqeyini möhkəmləndirir. Xarici startaplar Azərbaycana getdikcə daha çox maraq göstərərək vençur fondumuzdan investisiyalar əldə etməyə çalışır. Vəziyyətin yaxşılaşdırılması üçün növbəti vençur fondlarına 10 milyon dollar dəyərində əlavə investisiyaların yatırılmasını planlaşdırırıq. Bu, bir və ya həm yerli, həm də qlobal və regional olmaqla bir neçə fondun yaradılması ola bilər. Burada biz LP [məhdud məsuliyyətli tərəfdaş] olaraq çıxış edəcəyik. Bu vençur fondları həmçinin, investisiyaları həm Azərbaycan startaplarına, həm də azərbaycanlıların təsisçisi və ya həmtəsisçisi olduğu qlobal startaplara yönəldəcək", - o deyib.
Öz növbəsində İRİA-nın idarə heyətinin sədri İnarə Vəliyeva Trend-ə bildirib ki, əsas məqsəd idarə olunan vəsaitlərin artırılmasından ibarətdir.
"Əsas məqsəd idarə olunan vəsaitlərin (assets under management), yəni Azərbaycan investorları və ya investisiyalarını Azərbaycan startaplarına yönəldən investorlar tərəfindən idarə olunan vəsaitin artırılmasından ibarətdir. Misal üçün, bizim "Caucasus Ventures" fondumuz var ki, 6,6 milyon vəsaitə malikdir. Məqsədimiz bu il ən azı 10 milyon dollar cəlb etməkdən ibarətdir. Bu məqsədə ikinci fond yaratmaq yolu ilə nail olmağı planlaşdırırıq. Bu fondda biz LP rolunda çıxış edəcəyik, yəni əsas tərəfdaş qismində deyil, investor qismində yatırım qoyulur. Həmçinin Azərbaycanda ofis açacaq və yerli investorlara təlim keçəcək regional və ya qlobal fonda investisiya qoymaq imkanı nəzərdən keçirilir. Biz bu cür regional fondda LP qismində çıxış etməyə hazırıq, bir şərtlə ki, fondun ümumi həcmindən ən azı 5 milyon dollar Azərbaycan startaplarına, eləcə də həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan yerli təsisçilərin əsasını qoyduğu startaplara yönəldilsin", - deyə o əlavə edib.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.