İtalyan alpinistlərin 54 il əvvəl qoyduğu qeyd tapıldı - Kağızda yazılanlar...
Şərqi Qaradəniz sahilləri boyunca uzanan Kaçkar dağlarına dırmaşan türkiyəli alpinistlər 1972-ci ildə bölgəyə gələn italyan alpinistlərin konserv qutusunda qoyub getdikləri tarixi bir qeyd tapıblar.
meqale.com xəbər verir ki, alpinistlər zirvəyə dırmaşarkən "zirvə babası" (alpinistlərin zirvəyə çatdıqlarını bildirmək üçün daşlardan qurduqları baca şəkilli tikili) adlandırılan hissədə bir konserv qutusu tapıblar. Qutunun içindəki sellofana bükülmüş kağızda bu sözlər yazılmışdı: "20-8-72, Spedizione CAI Pordenone Italy, Quota 3510, Enzo Laconca, Giovanni Martin"
"CAMADAN" Dağçılıq Klubu bu qeyddəki məlumatlar əsasında araşdırma apararaq aşağıdakı faktları üzə çıxarıb:
Qeyd 1972-ci ildə bölgəyə gələn və yaşları o vaxt 23-32 arasında olan Alleris Pizzur, Sisto Degan, Enzo Laconca, Gianni Martin və Ezio Migotto adlı italyan alpinistlərə məxsusdur.
Onlar İtaliyanın məşhur dağçılıq klubu olan "Club Alpino Italiano"nun (CAI) üzvləridir.
Türkiyəli alpinistlər italyan klubuna sosial media vasitəsilə müraciət ediblər. İtalyanlar bu xəbərə çox təəccüblənib və seviniblər. Hətta həmin vaxt zirvəyə çıxan alpinistlərdən biri ilə əlaqə yaradılıb.
Klub rəhbəri Metin Çolak hadisə ilə bağlı hisslərini belə bölüşüb: "3428 metr hündürlükdəki Atalanı zirvəsində bu qutunu tapanda zaman anlayışı sanki yox oldu. O gün zirvədə olan 5 nəfərin heç biri 1972-ci ildə hələ dünyada yox idi. Bizdən 54 il əvvəl oraya başqalarının gəlməsi və bizə bu notu yazması sanki gələcəyə göndərilmiş bir məktubdur."