Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı
Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu və onunla birlikdə korrupsiya işi çərçivəsində mühakimə olunan digər şəxslərin həbsdə qalması barədə qərar qəbul edilib. İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən son iclasda İmamoğlu da daxil olmaqla, ümumilikdə 402 nəfərin həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
meqale.com xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və "İmamoğlu Cinayət Təşkilatı" adlandırılan quruluşla bağlı ittihamnamədə çox ciddi cəzalar nəzərdə tutulub. Əkrəm İmamoğlu "təşkilatın qurucusu və lideri" kimi təqdim olunur. Prokurorluq onun 142 müxtəlif cinayət əməlinə görə 828 ildən 2352 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir. İttihamnamədə korrupsiya və qanunsuz maliyyə əməliyyatları ilə bağlı geniş iddialar yer alıb.
Prezidentliyə namizəd və İBB sədri kimi fəaliyyət göstərmiş Əkrəm İmamoğlu ötən ilin 23 mart tarixindən bəri Silivridəki Mərmərə həbsxanasında saxlanılır. Məhkəmənin bu gün keçirilən iclasında prokurorluğun vəsatəti təmin edilib və müttəhimlərin həbs müddətinin davam etdirilməsinə qərar verilib. İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq mühakimə prosesinin davam etdiyini bildirib.
Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq"dan bəraət versə də, "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə 1 il 5 ay 15 gün, "hədə-qorxu" maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.