"Liverpul" "Real"ın ulduzuna 60 milyon ödəməyə hazırdır
İngiltərənin "Liverpul" klubu Madridin "Real" komandasında çıxış edən braziliyalı hücumçu Rodriqonu transfer siyahısına daxil edib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçu ilə bağlı yaxın vaxtlarda rəsmi addım atacağı bildirilir.
İspaniyanın "Defensa Central" nəşrinin yaydığı məlumata görə, "Liverpul" 24 yaşlı hücumçunun keçidi üçün 50-60 milyon avro məbləğində təklif hazırlayıb. Klub rəhbərliyi Məhəmməd Salahın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda hücum xəttini gücləndirmək üçün alternativ variantlar üzərində işləməyə başlayıb.
Məlumata əsasən, Rodriqo "Liverpul"un potensial əsas transfer hədəflərindən biri kimi dəyərləndirilir və danışıqların yaxın günlərdə intensivləşəcəyi istisna edilmir.
Qeyd edək ki, braziliyalı futbolçu cari mövsüm "Real"ın heyətində bütün turnirlər üzrə 21 oyuna çıxıb, 2 qola imza atıb və 4 məhsuldar ötürmə verib. Rodriqonun Madrid klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.