London hava limanında qarşıdurma - yaralılar var
Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazı çilənib, nəticədə 21 nəfər xəsarət alıb.
London polisi Hitrou Hava Limanının avtodayanacaq sahəsində insanların bibər qazı ilə hücuma məruz qalması ilə bağlı bir nəfəri saxlayıb.
meqale.com xəbər verir ki, hadisə zamanı təcili yardım briqadaları 21 nəfərə, o cümlədən 3 yaşlı qıza yerində tibbi yardım göstərib. Beş nəfər xəstəxanaya aparılıb, lakin onların xəsarətlərinin ciddi olmadığı bildirilib.
Metropoliten Polisi açıqlayıb ki, Terminal 3-ün avtodayanacağında baş verən insident bir-birini tanıyan iki qrup arasında yaranan mübahisənin böyüməsi nəticəsində meydana gəlib.
Hadisənin terrorla əlaqəli olmadığı rəsmən təsdiqlənib.
Polis bir nəfəri hücumda şübhəli bilinərək saxlayıb və hadisə yerindən qaçan digər şübhəlilərin axtarışını davam etdirir.
Məlumata görə, 31 yaşlı şəxs səhər saat 8:20-də - hadisə barədə məlumat daxil olduqdan cəmi doqquz dəqiqə sonra tutulub və hazırda nəzarətdə saxlanılır.