Media - dini təhlükəsizliyə təminat verən alət və dini ekstremizmi stimullaşdıran silah kimi
Bu yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Media və dini təhlükəsizlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Bəşəriyyət özünü və ətrafı kəşf etməyə başlayandan etibarən din anlayışı mövcuddur. Yüzillərdir ki, dünyanın müxtəlif hissələrində insanlar müxtəlif inanclara qulluq edirlər. Din insanlara yol göstərən, həyat məqsədlərini, hətta xarakterini belə istiqamətləndirən vasitədir. Müxtəlif zamanlarda dini etiqadlara ekstrim həddə əməl etmək hətta radikalizmə də səbəb olub. Təsadüfi deyil ki, məhz dini müxtəliflik və ya dini qaydalara zidd mövqe ucbatından dəfələrlə irimiqyaslı münaqişələr və kütləvi insan qırğını baş verib. Dinin məhz belə qüdrətli və hakim olması səbəbiylə bəzi qüvvələr bundan siyasi və iqtisadi alət kimi istifadə edərək çoxsaylı fəlakət və dəyişikliklərə yol açıblar.
Cəmiyyətimizdə və müxtəlif yerlərdə belə bir qavram var ki, fərqli dini inanca və ya inancsızlığa məxsus şəxs heç də həmişə birmənalı olaraq qarşılanmır, bəzən bu faktor hətta şəxsi və işgüzar münasibətlərə də xələl gətirir. İnsanlar eyni dini görüşü paylaşmayan şəxslərlə yaxın münasibət qurmaqdan çəkinirlər. Dini müxtəliflik nəyə görə çaxnaşma yaradır?
Fərqli inancı olan şəxsin iradə və azadlığına hörmət olunmur, tolerantlıq göstərilmir. Bunun müxtəlif səbəbləri ola bilər. Erkən yaşlardan səhv istiqamətləndirmə, maarifləndirmənin olmaması, dünyəvi biliklərdən və mühitdən bixəbərlik və s. Lakin unutmaq olmaz ki, demək olar ki bütün dinlərin bir ortaq təbliğat istiqaməti var ki, o da insanları düzgün, ədalətli, rifah halında yaşamağa səsləməkdir. Burada başqalarının fikirlərinə və yaşayış tərzinə heç bir neqativ müdaxilədən söhbət gedə bilməz. Dini müxtəlif yazılı mənbələrdədən deyil, ağızdan ağıza ötürülən söhbətlərdən qavramaq, onun incəliklərinə bu yolla varmaq da bəzən anlaşılmazlığa səbəb olur.
Ölkəmizdə dini etiqad azadlığı mövcuddur və hamı öz dini ibadətini yerinə yetirməkdə sərbəstdir. Dinin münaqişələrə səbəb olmasının digər səbəbi isə onun tamamilə yanlış yöndə təbliğ olunmasıdır. Unutmaq olmaz ki, dini inanc fərdi məsələdir və şəxsin öz azad seçiminə tabedir. Ümumiyyətlə şəxsdən hansi dinə etiqad etdiyini soruşmaq, dini görüşləri ilə maraqlanmaq etik hesab olunmur. İnsanlar dinə öz individual seçimləri və şəxsi məsələləri kimi baxsalar o zaman dini təhlükəsizlik daha stabil və dayanıqlı olar. İnsanların məqsədi digərlərini doğru bildiyi inanca sövq etmək yox, əksinə öz etiqadları ilə canı könüldən məşğul olmaq və bundan zövq almaq olmalıdır. Ətrafda baş verənləri öz inanclarına zidd hesab etmədikcə, dini zəmində törədilən təxribatların sayında da azalma olacaq. Beləcə iradə möhkəmliyi də yaranacaq. İnsan dini ritualları yerinə yetirməklə, öz dininin buyurduğu qaydalara əməl etməklə özünə cavabdehdir və dünyanın müxtəlif yerində onun dininə edilən "hörmətsizliyə" görə cavbdehlik daşımır. Həmin şəxslərin cəzalandırılması və düzgün istiqamətləndirilməsi onun məsuliyyəti deyil. Bunları dərk etdikcə artıq cəmiyyətdə din pərdəsi altında qızışdırmalar işə yaramayacaq. Media öz gücündən necə istifadə edə bilər?