“Narkotik istifadə etmişəm, ancaq satmamışam”
Türkiyədə məşhurların da adının hallandığı genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində saxlanılan tanınmış xəbər aparıcısı Ela Rümeysa Cebeci yenidən istintaqa ifadə verib.
meqale.com-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hazırda həbsdə olan Cebeci əvvəlki açıqlamalarından fərqli mövqe ortaya qoyaraq narkotikdən istifadə etdiyini etiraf edib.
O bildirib ki, indiyədək heç kimə narkotik satmayıb və ya ötürməyib. Lakin aparılan araşdırmalar zamanı qan analizlərində və "WhatsApp" yazışmalarında istifadəyə dair sübutların aşkarlandığını qeyd edib. Cebeci etiraf edib ki, keçmişdə narkotikdən istifadə edib, ancaq bunun kokain və ya kimyəvi maddələr olmadığını vurğulayıb. Onun sözlərinə görə, marixuana istifadəsinin cinayət sayıldığını bilməyib və bəzi ölkələrdə qanuni olduğu üçün bu səhvə yol verib.
İfadəsində adının hallandığı iş adamı və "Fənərbağça" klubunun prezidenti Sadettin Saranla münasibətlərinə də toxunan Cebeci, 2021-ci ildə sevgili olduqlarını, sonradan isə əlaqələrinin dostluq səviyyəsində davam etdiyini təsdiqləyib.
Aparıcı kokain istifadə etmədiyini sübut etmək məqsədilə saç və qan nümunələrinin yenidən götürülməsini tələb edib. O, satıcı deyil, yalnız istifadəçi olduğunu bildirib və əlavə edib ki, daha sonra işlə bağlı bildiyi bütün məqamları, həmçinin nüfuzuna dəyən ziyanı ətraflı şəkildə açıqlayacaq.