Polis seçkidə necə davranmalıdır?
Prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz, demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbirlər Planı təsdiqlənib. Onun icrası xüsusi nəzarətə götürülüb.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Sənan Əliyev Şirvan şəhərində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirədə bildirib.
O, seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə danışıb.
İdarə nümayəndəsi seçkidən sonrakı dövrdə seçki bülletenlərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib.
Bildirək ki, seminar-müşavirə MSK və DİN-in birgə layihəsi çərçivəsində baş tutub.
Bundan əvvəl DİN və MSK prezident seçkiləri ilə əlaqədar "Polis əməkdaşları üçün yaddaş kitabçası" hazırlayıb.
Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.
Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır.
Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər.
Buna görə də, polis əməkdaşları səsvermə günü xidməti fəaliyyətlərini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir.
Qeyd edək ki, polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır.
Polis əməkdaşlarının qanunazidd hərəkətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
Xatırladaq ki, 2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.