Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılması ilə bağlı müzakirələr aparılır - Qaluzin
Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur eldə edilməsinə ümid edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Qeyd etmək istərdim ki, əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı Azərbaycanda baş konsulluqlarımızın yaradılmasına uyğun olardı. İndi biz azərbaycanlı dostlarımızla bununla bağlı danışıqlar aparırıq və ümid edirik ki, bu danışıqlar da uğurlu olacaq", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 5-dən 8-dək keçirilir. Builki forumun mövzusu "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşması"dır.