Sabiq icra başçısı yenidən hakim qarşısına çıxarılır
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsindəki məhkəmə qərarından yenidən kassasiya şikayəti verilib.
meqale.com pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər.
Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə üç il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə iki min manat cərimə olunub.