Seçkiqabağı ayrılan pulsuz efir vaxtı həftədə 3 saatdan az olmamalıdır - İsmət Səttarov
Seçki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən ictimai yayımçı qeydə alınmış namizədlərə dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradır. Prezidentliyə namizədlərin ictimai yayımçının efirində pulsuz efir vaxtı almaq hüququ vardır. Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.
"Təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir. İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Bütün qeydə alınmış namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. İctimai yayımçının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının (3 saat) ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz. Qeydə alınmış hər bir namizəd üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Yəni, misal olaraq, ümumi olaraq 3,5 saat (210 dəqiqə) ödənişli efir vaxtı ayrılbsa və ümumi 7 namizəd varsa, hər namizəd ödənişli olaraq 30 dəqiqədən istifadə edə bilər.
Özəl yayımçılar isə bu məsələdə sərbəstdirlər və seçkiqabağı ödənişli təşviqat prosesində iştirak etmək istəklərini MSK-ya bildirməlidirlər. Onlar seçkiqabağı təbliğatla bağlı materialların yayımlanmasına məcbur edilə bilməzlər. Bu cür materiallar özəl yayımçıda yayımlanırsa, yayım şərtləri bütün namizədlər üçün eyni olmalıdır",- deyə o bildirib.