Tramp, Mask və ABŞ-nin yenilənmiş xarici siyasəti: Yeni dövrün başlanğıcı?
ABŞ-nin xarici yardım siyasəti uzun müddətdir ki, müzakirələrə səbəb olur. Xüsusilə USAID və NED kimi təşkilatlar vasitəsilə ayrılan milyardlarla dolların nəzərə çarpacaq dəyişiklik yaratmaması bu sahədə islahatlar tələbini daha da gücləndirib. Donald Tramp prezident olduqdan sonra bu siyasəti kəskin şəkildə dəyişdirməyi qarşısına məqsəd qoyub. O, xarici yardım proqramlarını israfçılıq və korrupsiya mənbəyi kimi qiymətləndirərək, bu sahədə ciddi ixtisarlar aparıb.
Donald Tramp xarici yardım proqramlarına fərqli yanaşan siyasətçilərdəndir. O, USAID-in məqsədinin humanitar yardım və demokratiyanı təbliğ etməkdən çox, çirkli məqsədlərə xidmət etdiyini iddia edir. Onun fikrincə, bu qurum xarici dövlətlərə milyardlarla dollar ayıraraq korrupsiya məkanına çevrilib. O, bu yardımların ABŞ iqtisadiyyatına yük olduğunu və vergi ödəyicilərinin pullarının israf edildiyini iddia edir. Trampın fikrincə USAID və NED kimi təşkilatlar bəzi hallarda korrupsiya və siyasi manipulyasiya üçün istifadə olunur, bu da onların əsas missiyasını şübhə altına alır. Tramp USAID-in məqsədyönülü fəaliyyət aparmadığını vurğulayaraq, təşkilatı islahatlara məruz qoyub.
Tramp xarici yardımlara ayrılan vəsaitlərin ölkə daxilində infrastruktur, səhiyyə və digər sosial sahələrə yönəldilməsinin daha faydalı olacağını müdafiə edir. Tramp hesab edir ki, xarici yardımlar ya tamamilə dayandırılmalı, ya da yalnız ABŞ-nin strateji maraqlarına xidmət edən layihələrə ayrılmalıdır.
Tramp administrasiyası bu yanaşma ilə USAID-in 10 min əməkdaşından 2,7 minini ixtisar edib və qurumun maliyyələşdirilməsini ciddi şəkildə azaldıb. O, düşünür ki, niyə ABŞ öz vətəndaşlarının problemlərini həll etməkdənsə, xarici dövlətlərə milyardlarla dollar ayırır.
USAID-dən fərqli olaraq, NED rəsmən demokratiyanı təbliğ etmək üçün yaradılıb. Ancaq Tramp və onunla eyni fikirdə olanlar bu təşkilatın ABŞ-nin xarici siyasətinin aləti olduğunu bildirirlər. O, NED-in fəaliyyətini ciddi tənqid edib və bu qurumun geosiyasi manipulyasiya vasitəsinə çevrildiyini vurğulayıb.
NED-in Ukrayna, Belarus və Rusiya kimi ölkələrdəki siyasi proseslərə qarışdığı barədə iddialar var. 2003-cü il inqilabı və 2014-cü il hərəkatı kimi hadisələr NED-in xarici siyasət aləti olduğunu bir daha göstərir. Tramp administrasiyası 2025-ci il üçün NED-in maliyyəsini dondurmaq qərarı verib və bu siyasətin süni demokratiya təbliği deyil, ABŞ maraqlarına daha çox fokuslanması tələbini irəli sürüb.
Tramp və onun komandasi xarici yardımları daha effektiv və strateji istiqamətləndirmək niyyətindədir. Onlar hesab edir ki, ABŞ vətəndaşlarının maraqları prioritet olmalı və yardımlar ancaq real nəticə verən layihələrə ayrılmalıdır. Bu yeni siyasətin vergi ödəyicilərinin vəsaitlərinin daha səmərəli istifadə olunmasına imkan yaradacağı gözlənilir.
Tramp administrasiyasının xarici yardım siyasətini sərtləşdirməsi demokratlar arasında narahatlığa səbəb olub. Onlar hesab edirlər ki, xarici yardım proqramlarının məhdudlaşdırılması ABŞ-nin qlobal nüfuzuna zərbə vura bilər. Demokratlar bildirirlər ki, bu yardımlar ABŞ-nin yumşaq güc strategiyasının əsasını təşkil edir və dünya ölkələri ilə diplomatik əlaqələrin qorunmasında mühüm rol oynayır.
Bəzi beynəlxalq ekspertlər də hesab edirlər ki, Trampın xarici yardım siyasətindəki dəyişikliklər uzunmüddətli perspektivdə ABŞ-nin dünya miqyasında təsirini azalda bilər. Onların fikrincə, ABŞ-nin xarici siyasətindəki bu yeni istiqamət digər böyük güclərin, xüsusilə Çin və Rusiyanın, daha çox nüfuz qazanmasına səbəb ola bilər. Bu isə qlobal güc balansında dəyişikliklərə yol aça bilər.
Tramp isə öz siyasətinin tam əksinə olaraq ABŞ üçün daha faydalı olduğunu müdafiə edir. O, xarici yardımların əvvəlki illərdə gözlənilən nəticəni vermədiyini və vergi ödəyicilərinin vəsaitlərinin lazımsız yerlərə xərcləndiyini bildirir. Onun fikrincə, bu pulların ABŞ daxilində istifadə olunması ölkənin daxili problemlərinin həllinə daha çox töhfə verə bilər.
İslam meqale.com