Xalq artisti dələduzluqla üzləşdi - Kapital Bank-dan AÇIQLAMA - YENİLƏNİB - FOTO
Xəbər verdiyimiz kimi, son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub.
Kapital Bank-dan məsələ ilə bağlı meqale.com-a verilən açıqlamaya görə, aktrisaya həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.
Kapital Bank-dan mövzu ilə bağlı bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür olunub:
"Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır".
Bildirişdə qeyd edilir: "Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik". Qeyd edək ki, mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.
--------
09:30
Xalq artisti Mehriban Zəki sosial şəbəkədə ona qarşı edilən dələduzluq cəhdilə bağlı xəbərdarlıq edib.
meqale.com-ın məlumatına görə, aktrisa bildirib ki, özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən "WhatsApp" vasitəsilə ona zəng edilib.
Mehriban Zəki həmin nömrələri paylaşaraq izləyicilərini daha diqqətli olmağa çağırıb. O həmçinin qeyd edib ki, şəxsi məlumatlarını həmin şəxslərə təqdim etməyib və ehtiyatlı davranaraq aldatmağa imkan verməyib.