Yasamalda yanğından bir həftə keçdi – bina hələ də qaranlıq, susuz və qazsızdır
Bir həftə əvvəl Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki binada baş verən yanğından sonra sakinlər hələ də normal yaşayışa qayıda bilmirlər.
meqale.com xəbər verir ki, yanğın baş verdiyi gündən etibarən binada nə işıq, nə qaz, nə də su var.
Sakinlərin sözlərinə görə, hadisəyə elektrik xətlərindəki nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə qaz verilişi tamamilə dayandırılıb, işıq olmadığı üçün isə su nasosları işləmir.
Sakinlər bildirirlər ki, vəziyyət getdikcə daha da ağırlaşır. İstintaq davam etdiyindən təmir işlərinə icazə verilmir.
Sakinlərin sözlərinə görə, istintaqın nə vaxt başa çatacağı bilinmir. Onlara alternativ yerləşdirmə də təklif olunmayıb. Kimisi qohum evinə sığınıb, kimisi isə qaranlıq, susuz və qazsız mənzilində qalmaq məcburiyyətindədir.
Bəs belə hallarda sakinlərin müvəqqəti yerləşdirilməsi qanunvericilikdə necə tənzimlənir?
Hüquqşünasların sözlərinə görə, hazırda yanğın və ya digər qəzalar zamanı zərərçəkmiş sakinlərin dövlət hesabına yerləşdirilməsi ilə bağlı xüsusi normativ sənəd yoxdur. Yəni dövlət qurumlarının kirayə xərclərini ödəməsi qanunla nəzərdə tutulmayıb. Bu səbəbdən sakinlər əgər öz hesablarına kirayə mənzil tuturlarsa, həmin xərcləri yalnız istintaq yekunlaşdıqdan və məhkəmə qərarı çıxdıqdan sonra günahkar şəxsdən tələb edə bilərlər.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bəzi hallarda sakinlərin yerləşmə xərclərinə dəstək göstərilir, lakin bu dövlət balansında olan mülkiyyətə aiddir.