Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib.

meqale.com xəbər verir ki, o, bu barədə Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında danışıb.

Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan nümayəndə heyəti həm ikitərəfli görüşdə, həm də Assambleyanın iclaslarında Azərbaycan tərəfinin Ermənistana tranzit daşımalara olan məhdudiyyətləri aradan qaldırmasını minnətdarlıqla qeyd edib.

Görüşün müsbət ab-havada keçdiyini qeyd edən Q.Məmmədov parlament xətti ilə dialoq aparılmasının faydalı olduğunu bildirib.

Qeyd edək ki, İstanbulda keçirilən görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.

meqale.com