"Xüsusi yediyim konfet vardı, Oktay alırdı"
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatırlayaraq kövrək anlar yaşayıb.
meqale.com-ın məlumatına görə, aktrisa açıqlamasında bildirib ki, Oktay onun üçün təkcə həyat yoldaşı deyil, eyni zamanda bir növ həyat müəllimi olub: "Oktaydan çox şey öyrənmişəm. Demək olar ki, həyat müəllimim idi".
Dilarə Əliyeva mərhum həyat yoldaşının ev işlərinə və xüsusilə bazarlığa xüsusi həvəsi olduğunu da xatırladıb. Onun sözlərinə görə, Oktay bazarlığı böyük zövqlə edirmiş: "O qədər gözəl bazarlıq edirdi ki, deyirdim sən gərək evdarlıq məktəbi açasan. Bazara girirdi, hər şeyi qaydasında, səliqə ilə seçirdi. Xüsusi yediyim konfet vardı, Oktay alırdı".
Aktrisa əlavə edib ki, Oktayın etdiyi bazarlıq insanın iştahını açırmış:
"Hər şeyi mövsümündə alırdı. Yarpaq çıxan kimi kilolarla alırdı ki, bağlayaq. Adam onun bazarlığına baxanda iştahı açılırdı".
Dilarə Əliyevanın bu səmimi xatirələri dinləyənlərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Oktay Əliyev 2023-cü il martın 22-də ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.